Yazıçı-publisist Cəlaləddin Qasımov Tiflisdə bir ermənidən eşitdiklərini qələmə alıb
Mən 2010-cu ildə Gürcüstanın paytaxtı
Tiflis şəhərində olarkən vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş
bir erməni (Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm.
Həmin
erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə şahidi olduğu bir
neçə fakt açıqladı. Onu da bildirim ki, mən həmin faktların bəziləri
haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013) adlı kitabımda yer almış
“Silinməyən ləkə” romanımda bəhs etmişəm. Aşağıda həmin faktların
bəzilərini nəzərinizə çatdırıram və bildirmək istəyirəm ki, bir bədii
əsərdə yer alsa da bunlar heç bir bədiilik qatılmamış faktlardır.
* * *
“Fevralın
25-də axşam saat 23:00 radələrində rus hərbi birləşmələrinə məxsus
366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi
tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və
tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutdular.
1-ci
əsas zərbəni mayor Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal
mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca
kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun
vəzifəsi isə arxa mövqeləri qorumaq idi.
366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra 3 istiqamətdən hücuma keçdilər.
Əhali
dağılırdı... Hərə bir yana qaçaraq köməksiz vəziyyətdə qalmışdı.
Qarqar çayı istiqamətində, « Donuzçuluq ferması » deyilən yerdə dinc
əhaliyə qarşı əsl qırğın başladı. Xocalıdan çıxarkən gecə saat 4
radələrində Xocalıdakı bir neçə postdan düşmənə müqavimət göstərilərək
atəş səsi gəlirdi...»
“Keçmiş döyüşçü” olan
erməni Xocalıda əsir düşmüş vətəndaşlarımızdan biri olan Məmməd
Nağıyevin söylədiklərini danışırdı: «Ermənilər bizi aldadaraq
deyirdilər ki, kim əsirlikdən qurtarmaq, yaxud dəyişilmək istəyirsə,
bizimlə gəlsin. Bu minvalla azərbaycanlı əsirləri bir-bir aparırdılar.
Sonradan öyrəndik ki, onları ölən erməni əsgərlərinin qəbri üstə
apararaq başlarını kəsirlərmiş.
Bir gün də bir
erməni əsirlər saxlanılan yerə gələrək 13 nəfəri seçib apardı və dedi
ki, meşədə mənim qohumumu öldürüblər. Bir erməniyə görə 13 türk, monqol,
azərini öldürəcəm. Sonra məlum oldu ki, dediyi kimi də etmiş - apardığı
əsirlərin başını kəsmişdi».
Ermənilərin
sözlərinə görə, Yaşar adında bir əsir deyirmiş ki, onu çox döyürmüşlər.
Orda ayrıca işgəncə otağı var idi, hətta sobanı yandıraraq əsirlərin
əllərini ona basırdılar...
Ermənilər içəri
girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda
məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu
hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin
başını kəsərək futbol topu kimi bir-birlərinə ötürürdülər. Ermənilərin
bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər.
Əsirlərin
başı üstündən avtomatdan atəş açırdılar. Güllələr divara dəyərək
oradakı daş parçalarını qızdırırdı. Qızmış daş hissələri də bir yandan
əsirlərin üstünə düşürdü... Əsirlər imdad istəyirdilər, Allaha
yalvarırdılar. Ermənilər də divarlara durmadan atəşi davam etdirirdilər.
Əsirlərin fəryadı, yalvarması ermənilərə xoş gəlirdi. Hətta divardan
güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar da bundan ləzzət alırdılar».
* * *
...Samvellə
çox söhbətləşdik. Öz sözlərimlə təsdiq edirəm ki, o, mənə çox şeylərdən
bəhs etdi. Başlatdıqları müharibənin «qaydalarını» yaxşı bilirdi...
O
deyirdi: “Zori Balayanın, Arkadi Qukasyanın, İrəvandan gəlmiş erməni
generallarının, 366-cı alayın komandiri Zerquqarovun görüşünü, onların
nə barədə danışdıqlarını bilir. Zerquqarov həmin görüşdə Zori Balayana
deyib ki, sovet hökuməti yoxdur, sovet ordusu yoxdur, 366-cı alay mənim
öz şəxsi ordumdu. Pulumu verin, Xocalını azərbaycanlılardan təmizləyim.
İstəyirsiniz, lap xırda silahlardan tutmuş ta tanklara, vertolyotlara
qədər bütün döyüş texnikasını, hətta şəxsi heyəti sizə verim”.
Və deyilən kimi də olub!
“25
fevral, 1992-ci ildə isə 366-cı alay Xocalını hər tərəfdən mühasirəyə
aldı. Şəhərin müdafiəsinə qalxan dörd dəstənin hər birində demək olar
ki, silahların yarısı adi ov silahı idi... Amma 366-cı ordunun bütün
artilleriya qurğuları, «Alazan» tipli raketləri və minomyotları var idi.
...Bəlli
olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin
iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan “Ruhumuzun
canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda
ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır:
“Xocalını
ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13
yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mismarladı. Türk
uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur
isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim
olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin,
qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra
öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini
hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk
uşağına qarşı etdik.
Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.
Bu
“İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori
Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı
haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir
vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosniya, Serbiya və
başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya
təşkilatçılıq edənlər kimi o da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər
iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına,
sənətinə üzqaralığı gətirərək Qarabağda dinc əhaliyə qarşı nə qədər
terror əməliyyatı həyata keçirib...
...Azərbaycan
dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa verib.
Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki,
bu, “siyasi terror”dur... Və Zori Balayanı buraxdırdılar.
...İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?!
* * *
Samvel
mənimlə Tiflisdəki söhbətində daha dəhşətli bir faktı da açıqlayaraq
bildirdi ki, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan Xocalı
soyqırımında şəxsən amansız qətllər törədib. O, bir hadisənin canlı
şahidi olduğunu söylədi: “Soyqırımın üçüncü günü meşədə ermənilər
Xocalıdan qaçsa da getməyə yer tapmayan bir neçə azərbaycanlıya rast
gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini
yaşayanlar, donub qalanlar və yaralılar var idi. Onlar bizi görən kimi
yalvardılar ki, bizi öldürməyin. Biz də dedik ki, zinət əşyalarınızı,
pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, nəyimiz
var, sizin olsun. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir.
Xocalıda nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi
oradan Ağdama yola salacağıq. Balayan aralıdan olanları izləyirdi.
Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyimiz qalmayıb. Zinət
əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığıb verdilər.
Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız
qurtarsın. Bu vaxt Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı hamısını,
bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş
verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət
göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb
sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi.
Onun
əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun
çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər
idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi.
Əlinin
qanını üstünə silib « bəri verin topladıqlarınızı » dedi. Sonra
yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin
nömrəsi NK 0001 idi”.
...Samvel deyirdi : “Biz
Xocalının işğalı gününü “Sumqayıt hadisələri”nin ildönümünə salmışdıq.
Hazırlıq görürdük. Bizimlə də görüşdülər, məsləhət aldılar ki, 366-cı
alaydan nə qədər hərbi texnika, canlı qüvvə alaq. Əsgəran polisi
Xocalıya yaxşı bələd idi. Biz tərəfdən mən idim, batalyon komandiri
Vitali Balasyan, yanğınsöndürmə xidmətinin rəisi Karo Petrosyan idi.
Polislərdən isə rəis Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan,
Karlen Aqasenyan, Karen Babayan və Manvel Sayan o görüşdə idi.
Fikrimizi
öyrənmək üçün bizimlə danışığa gələnlər isə Qarabağın o vaxtkı
liderlərindən Arkadi Qukasyan və 366-cı alayın bölük komandiri, sonralar
isə hərbi hissə komandirinin müavini olmuş Seyran Ohanyan idi.
Belə
qərara gəldilər ki, 366-cı alayın bütün texnikası və şəxsi heyəti,
ermənilərin Qarabağdakı bütün hərbi və quldur dəstələri döyüşməlidir.
Bir
neçə gündən sonra Arkadi Qukasyan bizi toplayaraq bildirdi ki, 366-cı
alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox
baha başa gəldi. Əmr belə verilmişdi: evlərdən, meyitlərin üstündən
çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın
qərargahında hazırlanacaqdı. Hücum “Sumqayıt hadisələri”nin ildönümü
günü başlanacaqdı...
Bizə - Əsgəran polisinin
batalyonuna tapşırıq belə oldu ki, Əsgəran dəstəsinin yarısı
yüksəkliklərdə mövqe tutaraq Xocalı sakinləri koridorla çıxan zaman atəş
açmalı, bir adamı da sağ buraxmamalıdır.
366-cı
alayın təyyarələri camaatın yerini onlara bildirəcəkdi ki, onlar hansı
istiqamətdə hərəkət etsinlər. Onlar öz postlarını Əsgəran, Naxçıvanik,
Qarqar çayı, Şelli, Qaraqaya istiqamətində yerləşdirməyi
qərarlaşdırdılar və mənimlə də razılaşdırıldı ki, Xocalı 366-cı alayın
bütün texnikasından, o cümlədən ağır texnikadan dayanmadan atəş altında
saxlanılsın. Şəhərin altını-üstünə çevirsinlər. Sonra isə şəhərə hava
limanı istiqamətində dörd tərəfdən girsinlər. Biz 366-cı alayın
qərargahında olanda onlar bildirdilər ki, artıq alayın komandiri ilə son
olaraq görüşüblər, daha elə bir problem qalmayıb”.
* * *
Qeyd
edim ki, bu müdhiş hadisələr bəzi erməni döyüşçülərindin psixikasından
da yan keçməyib. Belə ki, Xocalı soyqırımında iştirak edən əsgərlərin
5-i psixoloji xəstəliyə tutulub, biri isə özünü asaraq intihar edib...
Yenə Samvelin dediklərini əlavə edirəm:
“İşğaldan
iki ay sonra tərəfimizdən araşdırıldı ki, psixoloji xəstəliyə tutulan
xəstələrin hamısı Xocalının işğalında iştirak edən erməni əsgərləri
olub. Onlar işğaldan sonra Xocalıdakı evlərin zirzəmisindən meyitləri
yığaraq yandırmaq və basdırmaqla məşğul olan əsgərlər imiş. Onlar
verilən göstərişlərə əməl edərək bəzi əsirləri diri-diri yandırdıqları
zaman özləri də ciddi psixoloji sarsıntı keçiriblər”.
Samvelin
dediyinə görə, o, həmin əsgərlərin beşini şəxsən də tanıyırmış.
Samveldən soruşdum ki, insanları harada yandırmısınız, harada
basdırmısınız. Söylədi ki, şəhərdən kənarda - hava limanından təxminən
400-500 metr aralıda, bir də ki, “Fin evləri” deyilən yerdən bir az
aralıda basdırmışıq.
O həmçinin danışdı ki,
ekskavatorla çuxurlar qazılmışdı, meyitləri oraya ataraq yandırır, sonra
da üstünü torpaqla örtürdülər. Hətta Xocalı şəhərinin yaxınlığında üç
elə yer tanıdığını dedi.
Samvel
Babayan onu da əlavə etdi ki, lazım gələrsə, beynəlxalq ekspertlər bu
gün də gəlib qazıntı aparsalar, Xocalıdan 1200 metrlik məsafədə öz
gözləri ilə hər şeyi görə bilərlər. Əgər bu, ekspertlərə və beynəlxalq
aləmə maraqlı olsaydı, Avropa Şurası və başqa təşkilatlar insan
hüquqları üzrə araşdırma aparsaydı, bu hadisə barədə çox məlumat əldə
edə bilərdi.
Zori Balayanın başqa bir həmkarı,
livanli erməni yazıçı isə belə yazır (“Xaç naminə” kitabında son dərəcə
soyuqqanlıqla yazır, öz xalqinin terrorist oldugunu öz kitabında
göstərib):
“O şaxtalı qış günlərində biz
yaxınlıqdakı metrlərlə dərinliyi olan bataqlığı keçmək üçün ölülərdən
körpü düzəltməli olduq. Mən meyitlərin üzərindən keçib getmək
istəmirdim. Onda polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki,
qorxmayım, bu, müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı
qan içində olan qızın sinəsi üstünə çıxdım və yeriməyə başladım. Mənim
çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə, mən təxminən
1000-dən çox meyitin üstündən keçdim”.
Həmin
kitabın 62-63-cü səhifələrində müəllif yazır: “Mart ayının 2-də “Qaflan”
adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul idi) türklərin
təxminən 2 minə qədər meyitini yığdı və onları ayrı-ayrı yığınlarla
Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük maşınında 10
yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi
cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm.
Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ
də yaşayırdı. Mən o uşagın ölümlə mübarizə aparan gözlərini heç vaxt
unutmayacağam.
Sonra
əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış
leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən orda
kiminsə kömək istəyərək çığırdığını eşitdim. Daha yeriyə bilmirdim.
Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı
azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin
“Xaç naminə” yürüşlərini davam etdirdilər”.
* * *
Beləliklə, 366-cı alayın bütün gücündən istifadə edərək dinc əhaliyə qarşı divan tutulmuşdu.
Bəlli
olduğu, şahid ifadələri ilə və rəsmi orqanlar tərəfindən təsdiqini
tapdığı kimi, Xocalı qurbanları ilə bağlı məlumatları belədir:
613 nəfər öldürülüb;
Onlardan 63 nəfəri azyaşlı uşaq olub;
106 qadın işgəncə ilə öldürülüb;
8 ailənin bütövlüklə məhv edilməsi faktı qeydə alınıb;
1273 nəfər girov götürülüb;
150 nəfərdən isə bu günə qədər də xəbər yoxdur;
Ermənilər satmaq məqsədilə girovların daxili orqanlarını çıxarıb, özlərini isə yandırıblar.
* * *
129
nəfərdən ibarət zabit heyətli 366-cı alayın komandiri Zerquqarov Yuri
Yuryeviç olub. Ştat üzrə sıravi əsgərlərin sayı 1800 nəfər olan, alayda
(1992-ci ilin yanvar ayında) 630 rus əsgəri qalıbmış. 580 erməni əsgəri
də burada yerləşdirilmisdi. Öz cinayətlərini ört-basdır etməyə tələsən
366-cı alayın komandiri və yüksək rütbəli zabit heyəti fevralın 28-də
hərbi texnikanı Dağlıq Qarabağdan çıxarmaq əmrini alıb. Texnikanın böyük
bir hissəsi erməni mayoru (o vaxtkı rütbəsi ilə desək) Seyran Ohanyanın
tabeçiliyinə verilərək Xankəndində saxlanılıb...
Martın
2-də axşam saatlarında 523 nəfərdən ibarət şəxsi heyəti Gürcüstanda
yerləşən Vaziyanın hərbi bazasına aparıblar. Martın 10-da isə marşal
Şapoşnikovun əmri ilə 366-cı alay ləğv edilib.
O
dövrdə, xüsusən də 26 fevral, 1992-ci ildə 366-cı alayın bir neçə
əsgəri verilən əmrlərə qarşı çıxaraq Azərbaycan tərəfinə keçmişdi. Hətta
azərbaycanlı mərhum jurnalist Cingiz Mustafayev onlardan müsahibə də
almışdı. Azərbaycan prokurorluğu onları dindirmiş və alayın bütün şəxsi
heyətinin və hərbi texnikasının Xocalı soyqırımında iştirak etdiyi
sübuta yetirilmişdi. Azərbaycan Respublikasının prezidenti, Ali Baş
Komandan Heydər Əliyev 1 mart, 1994-cü ildə bu haqda xüsusi fərman
vermiş, 26 fevral “Xocalı soyqırımı - milli matəm günü” elan olunmuş, bu
barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi.
İndi hər il fevralın 26-sı Azərbaycan Respublikasında Xocalı soyqırım günü kimi qeyd olunur.
* * *
Bu
hadisələrin əsl günahkarları Cenevrə Konvensiyasını, Ümumdünya
İnsan Haqları Bəyannaməsini, vətəndaş və siyasi hüquqlar barədə sazişi,
fövqəladə vəziyyət və hərbi münaqişə zamanı qadınların və uşaqların
müdafiəsi bəyannaməsini həyasızcasına pozublar. Bu qatillər sonralar
Ermənistan Respublikasına rəhbərlik edən Köcəryanlar, Qukasyanlar,
Sərkisyanlar, Balayanlar, onların köməkçiləridir. Onlar beynəlxaq
məhkəmə qarşısında cavab verərək layiqli cəzalarını almayınca bölgədə
barışdan danışmaq çətin olacaq!
...Rəsmi
olaraq bildirilir ki, erməni əsirlyində olan azərbaycanlıların sayı 800
nəfərdir. Bu faktı oradan buraxılan əsirlər də təsdiq edib. Əsirlikdə
olan 7 nəfərdən ibarət bir ailədən iki nəfəri dəyişdirilib. Həmin o iki
nəfər deyib ki, ailənin qalan 5 üzvü də Ermənistandadır. Amma Ermənistan
tərəfi bunun yalan olduğunu bildirir. Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) o vaxtkı nümayəndələri də əsirlərlə görüşərək onlar
haqqında qeydlər aparıb. Ermənistan tərəfi israrla orada azərbaycanlı
əsirlərin olmadığını deyib.
Qarabağ müharibəsi dövründə əsir və girovlarla bağlı, əməliyyat-istintaq və axtarış qrupunda çox dəhşətli faktlar olub.
Əsirlər
Almaniya,
Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov
götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə
beynəlxalq İşçi Qrupunun üzvləri, eləcə də BQXK bu şəxslərdən bir
qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir.
Lakin sözügedən azərbaycanlıların taleyi bu günədək naməlumdur.
Hüseynova Mehriban Allahverdi qızı - Xocalı şəhərinin işğalı zamanı üç azyaşlı uşağı ilə birlikdə girov götürülüb.
Əsirlikdən
azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o,
Mehribanı uşaqları ilə birlikdə İrəvan şəhərində istintaq
təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın
onlardan heç bir xəbəri olmayıb.
Erməni tərəfi
Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların
sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
Əmirova
Xəzangül Təvəkkül qızı - Xocalı işğal olunan zaman erməni silahlıları
onun ailəsini bütünlüklə girov götürmüşdü. Ermənilər Xəzangülün anası
Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası
Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırıblar.
Erməni
silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992)
Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80
nəfərə yaxınını yerindəcə güllələyiblər. Bu barədə kənd sakinləri Seyyur
Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik
edirlər.
Xocavənd rayonu, Qaradağlı kənd
sakini Həqiqət Yusif qızı Hüseynova 1992-ci ilin fevralında 10 nəfər
həmkəndlisinin ermənilər tərəfindən diri-diri yandırılmasının şahidi
olub.
Ağdam rayonunun keçmiş sakini,
milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış
Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı
89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana
İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin
ermənilər tərəfindən vəhşicəsinə öldürülüb sonra yandırıldığını, Ağdam
kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü
bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər
Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi
xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.
1930-cu
il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni
girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq
yandırılmışdı. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən
Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat
edib.
Yaralı vəziyyətdə əsir götürülmüş
Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin
yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə
təlim keçmiş it buraxılmışdı.
Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdı.
16
fevral 1994-cü ildə Ermənistanın Xarici İşlər Nazirliyi guya qaçmağa
cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü
bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə-tibbi
ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası
Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları
uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi
əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən
açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya
“qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmişdi.
Kəlbəcər
şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı -
Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdü. Girovluqda olduğu
müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə
girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin
özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may, 1993-cü il
tarixdə özünə qəsd etmişdi.
İlham
Nəsirov 1992-ci il, iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə
başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən
əsir götürülmüşdü. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə
zəng edilmiş və onun İrəvanda Arakelyan familiyalı bir erməninin
evində saxlanıldığı bildirilmişdi. Ailə İlham Nəsirovun azad edilməsi
üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi
şərtini irəli sürmüşdü. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya
həddinə çatdırılan İ.Nəsirov sonradan İrəvan hospitalına yerləşdirilsə
də artıq ona kömək etmək mümkün olmamışdı. Hospitalın rəisi
Ş.Arakelyanın 24 noyabr, 1993-cü il tarixli, 06/134 saylı məktubunda da
göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya
diaqnozundan vəfat etmişdi.
Heydər Heydərov
Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı işgəncələrin və
mütəmadi döyülmələrin təsirindən vəfat etmişdi.
Erməni
əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyitinin
qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdi ki, o, müntəzəm
döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdi.
İmarət
Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı zamanı iki
azyaşlı uşağı ilə girov götürülmüşdü. İmarət Məmişovanın gözləri
qarşısında ermənilər 8 mülki şəxsi, o cümlədən, onun 8 yaşlı oğlu Talehi
güllələmiş və meyitləri yandırmışdı. Bundan sonra ermənilər onun özünü,
10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə
apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.
Erməni
girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin verdiyi
ifadəyə görə, 17 avqust, 1993-cü il tarixdə ermənilər Füzuli rayonu
Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında
güllələyiblər.
Erməni girovluğunda olmuş Həsən
Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc
əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
61
yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5
azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul
kimi işlədilərək öldürdüyünün şahidi olmuşdu.
Erməni
əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov
Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi
tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd
Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
Əsirlikdən
azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may, 1993-cü il tarixdə Şuşa
həbsxanasında 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu
Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə
yetirildiyini bildirmişdi.
Girovluqdan azad
edilmiş Maşallah Bəndəliyev bildirirdi ki, 1992-ci ilin mayında
Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan
Vazgen adlı digər erməni, bir nəfər adını bilmədiyi lal girova öncə
müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişdilər.
Eyni
zamanda, əsirlikdə saxlandığı müddətdə minlərlə günahsız azərbaycanlı
ermənilər tərəfindən qətlə yetirilmiş, işgəncələrin təsirindən ölmüş,
amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünü
öldürmə dərəcəsinə çatdırılmışdı. Erməni əsirliyində törədilmiş
cinayətlərə dair faktlar Dövlət Komissiyasına bu gün də daxil
olmaqdadır.
* * *
Hələ
SSRİ dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər
Ermənistan Respublikası tərəfindən provakasiya edilmişdi. Yerli
azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri
1989-cu ildən bəri silahlı münaqişəyə, nəhayətdə geniş işğalçılıq
aktlarına səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu
münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda
Azərbaycanın Dağlıq Qarabağ da daxil və ona bitişik 13 rayonu
Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın
ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq
Qarabağ və ətraf rayonlardan milyondan artıq azərbaycanlı əhali öz
yaşayış yerlərini tərk edib, 24 mindən çox insan həlak olub, 50 min
nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm
olaraq atəşkəsi pozması nəticəsində 10 mindən çox azərbaycanlı həlak
olub.
İrəvanda "Milli vətəndaş təşəbbüsü"
qurumu ictimai dinləmələr təşkil edib. Dinləmələr zamanı insan haqları
üzrə müvəkkil Larisa Alaverdiyan çıxış edib və bir maraqlı fakt üzərində
dayanıb - terror faktı üzərində! Ondan soruşublar ki, ombudsmanın ən
güclü silahı nədir. L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq
cavab verib ki, “abır-həyanın ortaya qoyulması”.
Bu
vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir replika ilə
çıxış edib: “Bizdə olmayan şeyi nə cür ortaya qoyacaqsınız?”
* * *
Beləliklə,
mən bir hüquq-mühafizə orqanlarının əməkdaşı, zabit, asayişin keşiyində
durmağa and içmiş şəxs, yaxınları, qohumları, dostlar Ermənistanın
dövlət səviyyəsində dəstəklədiyi terror, soyqırım aktlarının, ümumən
elan olunmamış müharibənin acı nəticələriniöz üzərində hiss edən
vətəndaş olaraq, sənətin ülvi amallarına, ədəbiyyatın estetik
dəyərlərinə sayğı duyan bir yazıçı, nəhayət, bir insan olaraq bütün
əlaqədar şəxslərdən, beynəlxalq qurumlardan bu məsələyə hüquqi qiymət
verməyi, cinayətkarların cəzaya cəlb olunması məsələsinə baxmağı xahiş
edirəm! Qoy, bizdən sonrakı nəsillər terror, soyqırım görməsinlər!
Beynəlxalq
Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi
Məsləhət Şurasının üzvü, yazıçı-publisist, polis mayoru Cəlaləddin
Qasımov
Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!