Sevgi seirleri oxuyun ve beyenin
26, Baku, Azerbaidzhan


ÜRƏYİMƏ NƏSİHƏT

Bacara bilmirəm mən ürəyimlə,
Elə dediyini o deyib durur.
Elə bil, bir canda deyil mənimlə,
Mən nala vururam, o, mıxa vurur.

“Zər qədrini zərgər bilər”,- deyirlər,
Aldanma nadanın kəm sevgisinə.
Könül, gərək olsun candan sevən ər,
Hərdəmxəyal üçün yar sevgisi nə?

Nəsihət verirəm sənə, qulaq as:
Qədir-qiymətini sən uca saxla.
Bunu qulağına sırğa kimi as:
Namərdin sevgisi özü tək saxta.

Bağlanma hər dilli-dilavərə sən,
Aldanıb olarsan “sevgi” qurbanı.
Hər şimşək yağıntı gətirməz əslən,
Götür aramıza girən tufanı.

MƏHƏBBƏT OLMASA

Nə yaxşı məhəbbət varmış dünyada,
Bütün bəşəriyyət borclu bu ada.
Yoxsa bu kainat bir daş olarmış,
Qanadı qırılmış bir quş olarmış.

Məhəbbət bağbandır, qəlblər bağbanı,
Hər qəlbin bağbanı onun sultanı.
Məhəbbət olmasa, qəlblər bağ olmaz,
Bağbanı olarsa, güllər saralmaz.

Məhəbbət aşırdır qəlbi dağları,
Sevir, ovundurur qəlbidağları.
Məhəbbət olmasa, sönər bu həyat,
İnsanın gözündə donar kainat.

Məhəbbət yaradan, məhəbbət quran,
Məhəbbət heç nədən hər şey doğuran.
Məhəbbət olmasa, olmazdıq biz də,
Toxumu səpilib hər birimizdə.

KÜLÜM QALAR

Yaman darıxmışam, yaman, əzizim,
İsti nəfəsinçin, şirin səsinçin.
Qoyma ki, saralsın, solsun bənizim,
Olmasın yanımda olmadığın gün.

Qəlbimdə, gözümdə olursan hər gün,
Qəlbim əzizləyir, gözüm oxşayır.
Sevgi nəğməsilə dolursan hər gün,
Ruhum sığal çəkir, sözüm oxşayır.

Qorxuram sənə çox alışmağımdan,
Budaqda saralmış bir gülüm qalar.
Qorxuram odundan alışmağımdan,
Elə yanaram ki, bir külüm qalar.

Qalmışam dağ ilə daş arasında,
Dağamı söykənim, daşamı dönüm?
Qəlbim məhəbbətin dağ yarasında,
Nə daşda güc qoyar, nə dağda dözüm.

AĞLIM ÜRƏYİMƏ HÖKM EDƏ BİLMİR

Ağıl deyir: unut, ürək – unutma,
Qalmışam bu iki daş arasında.
Ağıl qılınc çəkir ki, ürək susa,
Qalmışam bu iki daş parasında.

Kölgəm tək gəzirdin izimə düşüb,
Məni görməsəydin, dəli olardın.
Enişli-yoxuşlu yolları aşıb,
Kol, ağac dibində tənha qalardın.

İndi bəs nə oldu, geriyə döndün?
Söndürdün alışan “məhəbbətini”,
Uca bir dağ idin, dərəyə döndün,
Endirdin qarışan məhəbbətini.

Ürəyim çox uyub nakam sevdaya,
Hicran atəşindən açılmır, gülmür.
Naləsi qalxıbdır Günəşə, Aya...
Ağlım ürəyimə hökm edə bilmir.

NİYƏ SEVDİN?

Ay ürək, səndə bu görünməmişdi,
Səni sevməyəni sən niyə sevdin?
Bu, sənin başına gələn nə işdi?
Axı, çox mətindir, sadiqdir sevgin.

Cavabsız sevgidən dad-aman, Allah!
İnsanı kiçildər, sevgini əyər.
Qalxar asimana min nalə, min ah,
Verilməz həyata, arzuya dəyər.

Ey könül, sığınma sevdasız qəlbə,
Sevdasız nə bilər sevdalı qədrin?
Uysan səriştəsiz, sədasız qəlbə,
Allah özü versin təmkinin, səbrin!

SEVMƏ, AMANDIR

Səni sevməyəni sevmə, amandır,
Həyatın məngənə olar canına.
Cavabsız məhəbbət oddan yamandır,
Yanğılar, alovlar dolar qanına.

Yerə-göyə sığmaz sevgili canın,
Ulduzlardan, Aydan imdad istərsən.
Bütöv ilə dönər hər bircə anın,
Özün də özünü itirərsən sən.

Salma ürəyinə bir şövqsüz qəlbi,
Yanar ürəyini o üşüdəcək.
Axı, neyləyirsən o zövqsüz qəlbi?
Hansı ki qəlbinə dərd daşıdacaq.

Vermə mərd qəlbini namərd əlinə,
Ondakı qəlb deyil, soyuq zindandır.
Salma şad qəlbini dərd-qəmə yenə,
Axı, o yenicə sökülmüş dandır!

Qıyma sevgisizə sevgili qəlbi,
Əyilər, qırılar incə budağı.
Sevgisiz bilərmi sevgili qədri?
Əridər sevgidən yaranmış dağı.

Sevgisiz qəlblərin qiylü qalı var-
Qul edər özünə sevgili qəlbi.
Azadlıqdan şirin nemət nə olar?
Sanma namərdi də sən o mərd kimi.

SƏNİ GÖZLƏYİRƏM

Tənha bir adadır kimsəsiz könlüm,
Bir ağ yelkənim yox, yelkənim ol sən.
Səni gözləyirəm illərdən bəri,
Dənizdə, dəryada sükanım ol sən.

Yağsın məhəbbətin cadar könlümə,
Qoyma dil-dodağım yanıb tökülsün.
Məhəbbət yağışı yağdır gülümə,
Qoyma könlüm evi uçub sökülsün.

Qaranlıq zindanda saraylar yarat,
Məhəbbət çırağı as sütunundan.
Yaman vəfasızdır bu zalım həyat,
Könlümün sarayı olmasın viran.

YAD ET MƏNİ

Göyü bulud seyr edəndə,
Yağış pənah gətirəndə,
Yolu çaya döndərəndə,
Sən yelkən ol, yad et məni.

Duman tüstü ələyəndə,
Göz gözü heç görməyəndə,
Çən dağları bələyəndə,
Damla şeh al, yad et məni.

Tufan, boran yetişsə də,
Külək, çovğun göz deşsə də,
Hamı məndən yan keçsə də,
Sən həmdəm qal, yad et məni.

Şimşək çaxsa, göy gurlasa,
Leysan töksə, çaylar daşsa,
Göy tökülsə, dağlar aşsa,
Sən qanaq çal, yad et məni.

MƏHƏBBƏT

Harda qaldın, ey məhəbbət!
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı!

Gecmi, tezmi, gələcəksən
Dəf edərək intizarı.
İnanıram, həqiqətsən,
Yaşadırsan insanları.

Geciksən də, sən yazımsan,
Yarımcanam, yoxdur param,
Qanadsızam, qanadımsan,
Sən olmasan, uçammaram.

Sənsiz mənə cahan dardır,
Xilas elə məni dardan.
Qəlbim evi intizardır,
Qurtar məni intizardan.

KÖNÜL QIYMARAM

Məni sevməyəni mən heç sevmərəm,
Yer alt-üst olsa da, göy dağılsa da.
Məni saymayanı mən heç saymaram,
Həyatda bircə mən, bir o qalsa da.

Yarımçıq sevginin nə faydası var?
Biri dərə olar, biri dağ olar.
Yarımçıq sevgidən gözləmərəm bar,
Axırı xəzanlı, qarlı bağ olar.

Məni sevməyəndən könül almaram,
O könül dərdimə dərman olsa da.
Duyğusuz könülü yada salmaram,
Könlüm lap ömürlük tənha qalsa da.

Saxta məhəbbəti mən heç bilərəm,
Saxta bir könülə könül demərəm.
Təmənna quluna dönən könülə
Heç Allah özü də qılmasın kərəm.

GECİKMİŞ MƏHƏBBƏT

Bilirəm, intizar içində qalıb,
Hər bir kölgə düşsə, heyrətə dalıb,
Yollara həsrətlə sən göz dikirsən,
Məni görməyəndə hey ah çəkirsən...

Titrək dodaqların pıçıldar hərdən:
“Niyə gəlməz oldun, yox oldun birdən?”
Hicran alovunda əriyəndə sən
Mənim gəlişimlə sönmək istərsən.

Mənim ürəyimi nəbzində dinlə,
Döyünür inan ki sənin qəlbinlə.
Kövrəlir, ağlayır o için-için,
Ağlayır gecikmiş məhəbbətinçin.

Bəlkə də sevmirsən, mən yanılmışam,
Şirin sözlərinə aldanılmışam.
Ürək kitab deyil, açıb oxuyaq,
Bizi də yaşadan ümiddir ancaq

DUYSUN QƏLBİMİ

Həmdəm istəyirəm, aşiqim olsun,
Götürsün çiyninə dərdi-sərimi.
Qoymasın budaqda güllərim solsun,
Tapım bu həyatda mən öz yerimi.

Həmdəm istəyirəm, həyat yolunda
Büdrəsəm, dayağım, dirəyim olsun.
Həmdəm istəyirəm, qolu-qolumda,
Ürəyi də mənim eşqimlə dolsun.

Həmdəm istəyirəm, nağıl dünyada
Haqqın yollarında yeritsin məni.
Həmdəm istəyirəm, donmuş eşqimlə
İsti nəfəsində əritsin məni.

Həmdəm istəyirəm, ruh verib mənə
Qaldırsın səmaya qanadlarımı.
Büllur çilçıraq tək girsin qəlbimə,
İllərə döndərsin saatlarımı.

KAŞ HAMI SEVƏ BİLƏ

Məhəbbət gözəldir, sevməsək olmaz,
Sevgi nəfəsindən çiçək də solmaz.
Sevgisiz yıxılar dirəklər, dağlar,
Sevgisiz ah çəkər, mələk də ağlar.

Məhəbbət dirəkdir yıxılı evə,
Kaş hamı sevilə, kaş hamı sevə.
Məhəbbət alovdur sönük ürəyə,
Ondan atəş alıb döyünsün deyə.

Ağız şirin olmaz “halva” deməklə,
Onu xəyalında ancaq yeməklə.
Məhəbbət ürəkdə yaransın gərək,
Bu əsil aşiqdə tapılar tək-tək.

Məhəbbət duyğusuz ürəkdə olmaz,
Naşı ürəklərə bu sevda dolmaz.
Odur sevənlərin könül dünyası,
Həyatın mənası,ömrün mənası.

Dəyişik salmayaq o saf hissləri,
Yaxşıya qatmayaq barı pisləri.
Yaxşının-yamanın qiymətin bilək,
Hər şeyə öz adı verilsin gərək.

SEVGİ NƏĞMƏSİ

Sevgi nəğməsiylə dünya gözəldi,
Zindandır sevgisiz ömrümüz, Allah!
Ən dadlı röyalar sevgiylə gəldi,
Sevgidir ən gizli sirrimiz, Allah!

Sevgisi olarsa, həyat cənnətdir,
Olmasa, cəhənnəm, qır qazanıdır.
Sevgi gül-çiçəkdir, baldır, şərbətdir,
Sevgi xoş güzəran, cismin canıdır.

Sevgi xoşbəxtliyi dadmaq deməkdir,
Dostluq bünövrəsin yaratmaq kimi.
Nəğməli dünyanı sevmək gərəkdir,
Eşqi, məhəbbəti yaşatmaq kimi.

SEVGİ İSTƏYİRƏM

Əlçatmaz sevginin sorağındayam-
Elə sevginin ki, nakam olmasın.
Hələ qönçə ikən boynunu büküb,
Şaxtada, tufanda erkən solmasın.

Elə sevginin ki, çiçəklərində
Yolların-izlərin tozu qalmasın.
Elə sevginin ki, səmalarında
Qara buludların izi qalmasın.

Sevgi də dünyada qoşa yaranır,
Taledi, xoşbəxti, bədbəxti olur.
O da insan kimi gəzib aranır,
O da çiçək kimi saralır, solur.

Sevgi istəyirəm röya qanadlı,
Kəhkəşan yolu tək uzansın yolu.
Sevgi istəyirəm bağlı-bağatlı,
Sevgi istəyirəm şirin və dolu.

BUNDAN ÖZGƏ ALƏM VAR OLMAZ MƏNƏ

Mənimçin sən varsan, səninçin də mən,
Qeyri bir anlayış bilmədim qətən.
Bir canda iki ruh təkiyik zatən,
Bundan özgə aləm var olmaz mənə.

Tək sənsən ruhumun ruhuna uyğun,
O saf məhəbbətin dərin və çılğın.
Mənim də fikrimi etmisən dalğın,
Səndən özgə biri yar olmaz mənə.

Sənin də qəlbinə hər qəlb sığışmaz,
Qəlbin hər gözələ, yara alışmaz.
Mənsiz məhəbbətin sönər, alışmaz,
Özgəyə dar qəlbin dar olmaz mənə.

Allah yaradıbdır hərəni para,
Bütöv olmaq üçün gərəksən yara.
Qəlbimin dərdinə öz yarım çara,
Özgə bağçasından bar olmaz mənə.

SEVGİ OLARSA

Sevgiylə yaşanan həyat gözəldir,
Olmasa qəfəsdir, bəlkə də zindan.
Sevgi ilə həyat şeir, qəzəldir,
Sevgidir həyatda ilk sübhdəki dan!

Cənnətə bənzəyir sevgiylə həyat,
Məhəbbət həyatın ehtişamıdır.
Sevgiylə canlanır bütün kainat,
Sevgi sevənlərin fəxri-şanıdır.

Sevgidir həyatın hüsnünü qanmaq,
O, təklik zəncirin qırmaq deməkdir.
Tənhalıq buxovdur boyunda ancaq,
Həyat sevda evin qurmaq deməkdir!

AYRILIQ

Ayrılıq ocaqdır-sönməyən ocaq,
Alovu içini eyləyər sıcaq.
Közləri ömürlük damğalayacaq,
Damğası yaradır, hey sızlayacaq.

Ayrılıq odundan betər od olmaz,
Elə alovludur, heç nəylə sönməz.
Ayrılıq dərdindən betər dərd olmaz,
Ağrısı yamandır, heç vaxt səngiməz.

Ayrılıq - itirmək, ayrılıq – itmək,
İntizar çırağın yandırıb asmaq.
Həsrətin evini ucaltmaq, tikmək,
Vüsalı zindanın küncünə kısmaq.

Ayrılığın üzü şaxtalı, qarlı,
Nəfəsi dondurar daşı, divarı.
Gözləri əriməz buz parçasıdır,
Ürəyi rəhmdil olaydı, barı.

Ayrılıq yandırır, həm də üşüdür,
Neyləyək, zalımdır, ikiüzlüdür.
Bir üzü yayıdır, biri qışıdır,
Dodağı alovlu, dili közlüdür

0 views
 
Komente

Nuk ka ende komente.
Lini komentin tuaj, filloni diskutimin!

Ditar
Blogët shkarkohen çdo 5 minuta